Sea Breeze Resort marinası və hidrotexniki qurğularının layihələndirilməsi
Bakı şəhəri Nardaran qəsəbəsində yerləşən «Sea Breeze» kurort kompleksində mövcud akvatoriyanın genişləndirilməsi, yenidən qurulması və kiçikölçülü gəmilər üçün müasir yaxt-klub infrastrukturunun formalaşdırılması üzrə kompleks mühəndislik layihəsi. Layihə çərçivəsində dəniz sahilindən 200–230 m məsafədə ümumi sahəsi təxminən 4 hektar təşkil edən qapalı qorunan akvatoriya yaradılmış və 60-dan çox böyük və kiçik yaxtanın təhlükəsiz dayanması təmin edilmişdir.
Layihələndirilmiş əsas mühəndislik və rekreasiya obyektləri:
• Dəniz dibindən hündürlüyü 3–5 m, üst tirəsinin eni isə 4,5 m olan qapalı daş-tökmə qoruyucu dalğaqıran damba;
• Yamaclarda dalğa enerjisinin effektiv söndürülməsi üçün 0,5 ton və 1,0 tonluq “heksaleq” tipli fasonlu beton bloklar;
• Ümumi uzunluğu 361,1 m olan 11 ədəd stasionar dəmir-beton yanalma körpüsü və modul tipli üzən körpülər (pontonlar) sistemi;
• Gəmilərin təhlükəsiz suya endirilməsi və sahilə qaldırılması üçün xüsusi slip qurğusu;
• Ərazini tamamlayan dənizkənarı gəzinti bulvarı, simvolik mayak və müasir istirahət-əyləncə mərkəzi.


