Caspian Dream Liner süni yarımadasının layihələndirilməsi
“Caspian Dream Liner” layihəsi çərçivəsində Xəzər dənizinin Nardaran sahillərində (Bakı şəhəri) süni yarımadanın yaradılması nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi dəniz akvatoriyasında yeni tikinti platformasının formalaşdırılması və onun dalğa təsirlərindən etibarlı mühafizəsinin təmin edilməsidir. Süni yarımada uzunluğu 465 m, eni isə 114 m olan qapalı konturlu hidrotexniki qurğu kimi layihələndirilmiş və ümumi sahəsi təxminən 5,7 hektar təşkil edir. Qurğunun əsas konstruktiv elementi qaya və çay daşlarından ibarət daş-tökmə damba hesab olunur. Dambanın maksimal hündürlüyü dəniz dibindən 9 m-ə çatır, üst hissəsinin eni isə 4 m qəbul edilmişdir. Dalğa təsirlərindən mühafizə məqsədilə dəniz tərəfdə heksaleq tipli fasonlu beton bloklardan istifadə olunmuşdur ki, bu da yarımadanın uzunmüddətli dayanıqlığını təmin edir.


