Sumqayıt şəhərində dəniz suyunun duzsuzlaşdırılması zavodunun konseptual layihələndirilməsi
Xəzər dənizinin suyunu duzsuzlaşdırmaqla paytaxt Bakı, Sumqayıt şəhərləri və bütün Abşeron yarımadasının içməli su təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən strateji mühəndis-texnoloji layihə. Təşəbbüs su qıtlığı risklərini aradan qaldırmağa, ənənəvi su mənbələrindən asılılığı azaltmağa və ölkənin su ehtiyatlarının idarə olunmasında qabaqcıl qlobal təcrübəni tətbiq etməyə yönəlmişdir.
Layihə çərçivəsində tərs osmos (SWRO) texnologiyasına əsaslanan müasir duzsuzlaşdırma zavodunun konseptual mühəndis həlləri işlənib hazırlanmış və sahə axtarış işləri icra edilmişdir:
• Dəniz suyunun mexaniki ilkin emalı, yüksəktəzyiqli membran blokları, minerallaşdırma və paylayıcı nasos stansiyalarını əhatə edən zavodun konseptual texnoloji layihəsi;
• Təmizlənmiş içməli suyun Ceyranbatan su anbarına ötürülməsini təmin edən magistral təzyiqli su kəmərinin hidravlik modelləşdirilməsi və traslanması;
• Dənizdaxili dərinlik sugötürücü başlıq və duzlu konsentratın Xəzər dənizinə ekoloji təhlükəsiz paylayıcı axıdılma sistemi;
• Sumqayıt şəhərində zavodun inşası üçün ayrılmış sahilboyu ərazidə kompleks mühəndis-geoloji, hidrogeoloji və topoqrafik-geodeziya axtarış işlərinin yerinə yetirilməsi.
Layihənin icrası Abşeron aqlomerasiyasının dayanıqlı və fasiləsiz təmiz içməli su ilə təminatına zəmin yaradaraq regionun sənaye və demoqrafik inkişafını strateji səviyyədə dəstəkləyir.


