Miras Engineering metropolitenin dalan sahəsinin qapalı üsulla bərpası layihəsini hazırlayıb

Stansiyanın tikintisi 1980–1990-cı illərdə açıq üsulla — səthdə kotlovan qazılmaqla həyata keçirilmişdir. Əsas daşıyıcı konstruksiyalar, ayrı-ayrı sahələrdə monolit betonlama tətbiq edilməklə, yığma dəmir-beton elementlərdən inşa olunmuşdur. Yeraltı suların uzunmüddətli təsiri, onların yüksək səviyyəsi və aqressiv qrunt mühiti nəticəsində divar blokları, örtük tirləri və plitələri əhəmiyyətli dərəcədə aşınaraq texniki dayanıqlığını itirmişdir. Bu səbəbdən stansiyanın dalan sahəsinin yenidən qurulması zərurəti yaranmışdır.
Miras Engineering şirkəti ərazinin və mövcud konstruksiyaların kompleks müayinəsini aparmış və işlərin yerüstü ərazini açmadan, qapalı üsulla icrasını nəzərdə tutan layihə tədbirləri hazırlamışdır:
-
Yararsız vəziyyətə düşmüş yığma divar konstruksiyalarının dəyişdirilməsi;
-
Mövcud örtük tirlərinin və plitələrinin karbon lifli kompozit materiallarla (Carbon Fiber Reinforced Polymer — CFRP) gücləndirilməsi;
-
Hidroizolyasiyanın bərpası, drenaj sisteminin və zəruri mühəndis kommunikasiyalarının yenilənməsi;
-
Tunelətrafı qrunt massivinin çoxmərhələli sementasiya üsulu ilə möhkəmləndirilməsi, su keçiriciliyinin azaldılması və qrunt sularının məhdudlaşdırılması.
Bütün tədbirlərin qapalı şəraitdə aparılması üçün fərdi metal müvəqqəti bərkitmə konstruksiyası layihələndirilmişdir. Ventkamera və Sahə 1 ərazilərində beton əsas üzərində quraşdırılan seksiyalı dayaqlar və domkratlar vasitəsilə örtük konstruksiyası dəstəklənmiş, divar blokları yükdən azad edilərək təmir üçün şərait yaradılmışdır.
Tunel şaxtasının sahə II–IV hissələrində (ümumi uzunluğu 207 m) isə rels istiqamətləndiriciləri üzərində quraşdırılan 69 metrlik xüsusi daşıyıcı metal çərçivə tətbiq olunmuşdur. İki dəfə yerdəyişmə ilə mərhələli istifadə edilən bu konstruksiya hidravlik domkratlar vasitəsilə tavanı dəstəkləyir, eyni zamanda təmir və izolyasiya işləri zamanı ayaqaltı lövhələr və daşınan nərdivanlarla təchiz olunaraq təhlükəsiz işkələ funksiyasını yerinə yetirir.
Konstruksiyaların gərginlik-deformasiya vəziyyətinin dəqiq hesablanması örtük elementlərinin bütövlüyünü təmin etmiş və stansiyanın üzərində yerləşən qrunt massivinin deformasiyalarını minimuma endirmişdir.
Soldan sağa: Sərdar Abbasov (“EVRASCON”, sahə rəisi), Sevil Kərimova (“Miras Engineering”, layihənin baş mühəndisi), Xəqani Əsədli (“EVRASCON”, layihə rəhbəri), Azər Nəsibov (“EVRASCON”, baş direktorun müavini), Can Uzel (Bakı Metropoliteni, layihə rəhbəri), Mahir Qocayev (“EVRASCON”, texniki ofis rəhbəri), Amil Orucov (“EVRASCON”, SƏTƏM departamentinin rəis müavini).